Bakı–Rusiya avtomobil yolunun tikintisi davam etdirilir
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikinti işləri davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğunda olan yol inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3,75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27,5 metr təşkil edəcək. Ümumilikdə tikinti işləri layihələndirmə ilə paralel aparılır. Layihə 4 lotdan ibarətdir. Layihə üzrə birinci lotun başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci kilometrlik (7 kilometr) hissəsinə düşür. Həmin hissədə yolun beton örtüyünün sökülərək qaldırılması və yol yatağının yenidən tikilməsi işləri görülür. Yol yatağı hazır olan hissələrdə yol əsasının inşası işləri aparılır. İkinci lot üzrə 2 yol qovşağı, bir yol ötürücü körpü, bir kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min poqonmetr beton baryerlərin tikilməsi nəzərdə tutulub. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Yeni yolun tikinti layihəsinə uyğun olaraq, əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Ümumilikdə layihə üzrə yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların tikintisi, işıqlandırma işlərinin görülməsi, ayrıcı zolaqda beton çəpərlərin quraşdırılması, tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. Yol hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonunun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 kilometr uzunluğa malik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 152 kilometr təşkil edəcək. Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

Tural

Xəbər 75 dəfə oxundu.