Naxçıvanda yerli istehsalın həcmi xeyli artıb
Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi bu ilin ötən dövrü ərzində də prioritet sahələr kimi öz əhəmiyyətini qoruyub. Həyata keçirilmiş belə layihələr arasında sənaye və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 30 layihənin əsası qoyulub. Yaradılan bu müəssisələr hesabına 279 yeni iş yeri açılıb. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ilin əvvəlindən bəri qarışıq yem istehsalı, qaynaq çubuğu, kimyəvi tərkibli tikinti materialları istehsalı, plastik tara, tullantı yağların yenidən emalı və bərk sürtkü yağlarının, plastik səbət, xalça, yun və boyaq bitkilərinin tədarükü, Şahbuz rayonunun Badamlı qəsəbəsində “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni mineral su istehsalı sahəsi, heyvandarlıq, balıqçılıq, quşçuluq təsərrüfatları, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 20 sahənin yaradılması davam etdirilib.
Həyata keçirilən layihələrin reallaşdırılması məqsədilə cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 25 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 5 milyon 773 min 400 manat maliyyə dəstəyi göstərilib.
Qeyd edək ki, bu il də müxtəlif sahələr üzrə yeni istehsal müəssisələrinin yaradılması daxili bazarda yerli istehsalın çəkisini xeyli artırıb. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada fəaliyyəti bərpa edilən və ya yenidən qurulan istehsal müəssisələrində 126 növdə 570 çeşiddə ərzaq, 256 növdə 884 çeşiddə qeyri-ərzaq olmaqla, 382 növdə 1454 çeşiddə məhsul istehsal edilir. 108 növdə ərzaq, 242 növdə qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaradıb.


Xəbər 90 dəfə oxundu.