«ArmenianReport»: «Rusiya bizim daxili işlərimizə qarışmamalıdır»
“Paşinyanın yeni təyinatları Moskvada narahatlıq doğurur”

Ötən gün Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryannın yerli nəşrlədən birinə verdiyi açıqlamada səsləndirdiyi «erməni-rus münasibətlərinə etibarın olmaması» fikri erməni mediasında birmənalı qarşılanmayıb. Maraqlıdır ki, bəzi erməni saytları bunu şura katibinin böyük səhvi kimi də dəyərləndiriblər. Lakin qeyd edilməlidir ki, bəzi nəşrlərdə Qriqoryanı müdafiə edənlər də tapılıb: «Bu gün müstəqil Ermənistan Rusiya qarşısında özünə haqq qazandırmaq məcburiyyətində deyil» . Bu fikirləri «ArmenianReport» saytında müəllif yazısı ilə çıxış edən erməni yazar bildirib.
Maraqlıdır ki, elə həmin saytda başqa bir erməni müəllif də öz həmkarına haqqa qazandırır. Onun iddiasına görə, bu gün Ermənistan heç bir xarici dövlətin onun daxili işlərinə müdaxilə etməsinə icazə verməməlidir. Təbii ki, müəllif burada ilk olaraq Rusiyanı, onun rəhbərliyini nəzərdə tutaraq yazır: «Biz Rusiyayada hər hansı bir şəxsin yüksək vəzifəyə təyinatını Moskvaya diqtə edirikmi? Təbii ki, yox! Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın müdafiə naziri Sergey Şoyqunu sevmir və Rusiya prezidentindən onun vəzifədən kənarlaşdırılmasını tələb edir. Ya da ki, başqa bir misal, İrəvan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul etmir və onun yerində Ermənistana sevgisi olan bir başqasını görmək istəyir. Axı, bu cəfəngiyyatdır. Siz elə bilirsiniz Ermənistan Rusiyanın daxili işlərinə qarışmağa çalışır və ya hələ ki, bizim strateji müttəfimiz olan Moskvaya öz şərtlərini diqtə edir? Təbii ki, yox! Hər hansı bir normal bir şəxsə bir dövlətin başqa bir dövlətdən kadr dəyişikliyi tələb etməsi gülünc görünə bilər. Ancaq bizim Rusiya ilə münasibətlərimizdə bu, şahid olduğumuz adi şeylərdən biridir. Nədir problem? Məsələ bundadır ki, bu gün Baş nazir Nikol Paşinyanın apardığı kadr siyasətinin nəticəsi ciddi problemlərlə qarşılaşıb. Belə ki, bir sıra əsas vəzifəli insanlar Ermənistan-Rusiya strateji tərəfdaşlığı üçün hələ də qəbuledilməz şəxslər kimi göstərilir. Misal üçün, «Joxovurd» nəşrinin yazdığına görə, hazırda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və respublikanın dövlət nəzarəti rəisi David Sanasaryan Moskva üçün qəbuledilməz şəxslərdəndirlər. Bunu Rusiya tərəfi artıq açıq mətnlə də bəyan edib. Yeri gəlmişkən, mətbuat artıq Rusiya tərəfinin Armen Qriqoryanda olan xeyli hərbi-siyasi sənədlərin amerikalıların əlinə keçəcəyindən qorxduğu barədə yazılar verib. Xatırladaq ki, Davud Sanasaryanın işində də oxşar problem var.
Bu, necə başa düşülməlidir? Belə çıxır ki, Paşinyanın gənc kadrları öz xarici siyasətlərində yalnız Rusiyanın diqtəsini yerinə yetirməlidirlər? Axı, bu şəxslər- nə Armen Qriqoryan, nə də David Sanasaryan bu vaxta qədər Moskva əleyhinə elə də ciddi bir səhvə yol verməyiblər. Buna baxmayaraq, Ermənistan bu şəxslərlə bağlı Moskvadan güclü siqnallar almaqdadır. Bizim bunu xəbərdarlıq kimi qəbul etməmiz lazımdır : «Kremlin sevmədiklərini yox edin, yoxsa, sizin üçün pis olacaq».
Bəli, bunlar hələ ki, yalnız xəbərdarlıqlardır. Moskvada Paşinyanın yeni təyinatları barədə narahatlıqdan doğan xəbərdarlıq... Axı Moskva bütün bunların Ermənistan dövlətinin, erməni xalqının daxili işi olduğunu niyə unudur?


Bu gün Baş nazir Nikol Paşinyanın apardığı kadr siyasətinin nəticəsi ciddi problemlərlə qarşılaşıb. Belə ki, bir sıra əsas vəzifəli insanlar Ermənistan-Rusiya strateji tərəfdaşlığı üçün hələ də qəbuledilməz şəxslər kimi göstərilir.


Niyə axı hər hansı bir xarici dövlətin bizim daxili işlərimizə müdaxilə etməsinə icazə verməliyik? Məgər biz onların kadr təyinatlarına müdaxilə edirikmi? Təbii ki, Kremlin məntiqindən yanaşsaq, o zaman İrəvan da Moskvadan bəzi şeyləri tələb etməlidir (?). Ancaq İrəvan yaxşı başa düşür ki, Moskva onun müttəfiqi olsa da, onun daxili işlərinə müdaxilə etməsinə icazə verməz.
Digər tərəfdən, biz Moskvanın və onun mövcud rəhbərliyinin bütün məqsədləri barədə xəbərdarıq. Belə ki, Kreml bu gün öz məqsədlərinə nail olmaq üçün bütün fitnə və təxribatlara hazırdır. Ona görə də, biz hazırda hər hansı bir şantaja uymadan hökumətdə kadr dəyişikliyini davam etdirməliyik. Əgər biz bu addımı atmasıq, bu halda Moskva qarşısında öz zəifliyimizi nümayiş etdirmiş olacağıq. Digər tərəfdən isə hələ də hakimiyyətdə olan keçmiş rusiyalı kadrlar indi də inqilabın nailiyyətləri üçün təhlükədir. Ona görə də biz NATO ilə yaxınlaşmaq üçün Moskva və onun siyasətindən qurtulmalıyıq. Məhz bu halda, biz Moskvanın təhdid və şantajlarına qalib gələ bilərik, Ermənistanın Rusiya və onun əlaltılarından asılı olmadığını dünyaya nümayiş etdirə bilərik».
Ağasəf Babayev

Xəbər 113 dəfə oxundu.