Balakəndə fındıq festivalı keçirilib
Fındıqçılıq Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur və kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur. Son illər şimal-qərb bölgəsinin digər rayonları kimi, Balakəndə də bu gəlirli sahəyə maraq xeyli artıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fındıqçılığın, o cümlədən rayonun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan qarğıdalı, barama, tütün və digər sahələrin daha geniş təbliği, ölkə gənclərinin dostluq əlaqələrinin gücləndirilməsi, gənclərlə işin səmərəliliyinin artırılması, onlara kənd təsərrüfatının əyləncəli formada tanıdılması məqsədilə sentyabrın 7-də Balakən rayonunda ilk dəfə Fındıq festivalı keçirilib. Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi, Balakən Gənclər Evi Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə keçirilən festivalda respublikamızın 11 şəhər və rayonunda fəaliyyət göstərən Gənclər evlərinin nümayəndələri iştirak ediblər. Gənclərin Sosial Təşəbbüslərinin Dəstəklənməsi layihəsi çərçivəsində keçirilən festivalın əsas məqsədi ölkəmizdə aparılan gənclər siyasətinə dəstək vermək, həmçinin respublikamızda fəaliyyət göstərən Gənclər evlərinin əməkdaşları arasında təcrübə mübadiləsini genişləndirməkdən ibarətdir. Rayonun Qazbinə kəndində fındıq bağında keçirilən festival çərçivəsində fındıq məhsullarının sərgisi təşkil olunub, iştirakçılara qarğıdalı, tütün, barama və digər kənd təsərrüfatı məhsulları barədə məlumat verilib. Festivalda, həmçinin ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış ən yaxşı əl işi, ən gözəl fındıq geyimi, fındıqla bağlı ən gözəl məlumat lövhəsi, fındığın qısa müddətdə qırılması və ləpənin təmizlənməsi və digər müsabiqələr keçirilib, Balakənə məxsus aksesuar və əşyalardan ibarət yarmarka təşkil olunub.

Xəbər 271 dəfə oxundu.