“Azərbaycan hər nəfərə düşən xarici investisiya həcminə görə regionda lider dövlətdir”
Bakıda “Azərbaycan Rəqabətlilik Forumu 2018” işə başlayıb. Forumun moderatoru, ABŞ-ın Beynəlxalq Anlaşma üçün İşgüzar Şurası(BCIU)-nın vitse-prezidenti Cefri Donald Azərbaycanda belə bir miqyasda tədbirin keçirilməsini beynəlxalq ticari və işgüzar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

“Ölkədəki sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə artıb”

Forumda çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində müstəqilliyimizin ilk illərində Azərbaycan Respublikasında mühüm iqtisadi islahatlar həyata keçirilib, xarici investisiyaların ölkəmizə cəlb edilməsi üçün möhkəm təməl yaradılıb: “Prezident İlham Əliyevin uzaqgörən iqtisadi siyasəti sayəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülüb, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi məsələləri diqqət mərkəzində saxlanılıb. Təsadüfi deyil ki, Avropa İttifaqının "PricewaterhouseCoopers" (“PwC”) və "Deloitte" şirkətlərinin Azərbaycanda apardığı son sorğuların nəticələrinə görə, ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir. Xüsusən də xarici investorların Azərbaycanda aparılan iqtisadi siyasətə inamı və etimadı güclüdür. Çünki investorlar üçün vacib olan iqtisadiyyatın proqnozlaşdırma səviyyəsi yüksəlir. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, “Yeni Əsrin Müqaviləsi”nin imzalanması və Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması ilə ölkəmizə milyardlarla dollar həcmində yeni sərmayəlar yatırılacaq. Ölkə iqtisadiyyatına həm daxili, həm də xarici mənbələr hesabına irihəcmli investisiyalar qoyulub. Belə ki, 2003-2017-ci illərdə ölkə iqtisadiyyatına bütün mənbələrdən 236 milyard ABŞ dolları dəyərində investisiya yatırılıb. Bunun 118 milyard dolları, yəni 50 faizi xarici investisiyaların payına düşür. Azərbaycan hər nəfərə düşən xarici investisiya həcminə görə regionda lider dövlətdir. Azərbaycan bu dövr ərzində investisiya ixrac edən ölkəyə çevrilib. Xaricə yönəldilmiş birbaşa investisiyaların həcmi 19 milyard dollardan çox olub".
Baş nazirin birinci müavini deyib ki, Azərbaycan xarici sərmayə cəlb etməklə, həm də Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən formalaşmasında yaxından iştirak edir: “Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsi Azərbaycanı nəqliyyat-logistika qovşağına çevirib. Belə şaxələndirilmiş infrastruktur imkan verir ki, ölkədə ixracyönümlü və rəqabətqabliyyətli iqtisadiyyat inkişaf etsin. Ələt qəsəbəsində Azad iqtisadi zonanın Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi planlaşdırılır. Eyni zamanda, Azərbaycan özünün zəngin karbohidrogen ehtiyatları ilə regionun enerji təhlükəsizliyində aparıcı rolunu oynayır”.
Yaqub Eyyubov qeyd edib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində son 15 ildə Azərbaycan iqtisadiyyatında yüksək inkişaf templəri müşahidə edilib: “Bu dövrdə ÜDM real ifadədə 3,6 dəfə artıb, özəl sektorun ÜDM-də xüsusi çəkisi 2017-ci ildə 83,8 faizə çatıb. Qeyri-neft sektorunun son 15 ildə orta illik artım tempi 8,1 faiz olub. Qeyri-neft sektorunun bütün alt sahələrində genişmiqyaslı inkişaf əldə olunub. Belə ki, 2003-2017-ci illərdə qeyri-neft sənayesində 2,6 dəfə, kənd təsərrüfatında 1,8 dəfə, tikintidə 4,9 dəfə, ticarətdə 4,5 dəfə, turizm sektorunda 20,2 dəfə, nəqliyyat sektorunda 3,1 dəfə və rabitə sektorunda 14,5 dəfə iqtisadi artım qeydə alınıb. 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə də yeni mərhələyə qədəm qoyub. Yeni iqtisadi şəraitə uyğun həyata keçirilən rasional makroiqtisadi siyasət, aparılan dərin islahatlar nəticəsində ölkə iqtisadiyyatındakı durğunluq qısa müddətə aradan qalxıb. 2016-cı ildə ÜDM-in 3,1 faiz enməsinə baxmayaraq, 2017-ci ilin yekunları üzrə artım qeydə alınıb. 2017-ci ildə qeyri-neft sektorunda isə 2,7 faizlik iqtisadi artım müşahidə edilib. Məşğulluqda qeyri-neft sektorunun payı 2003-cü ildə 68 faizdən 2018-ci ildə 73 faizə çatıb. Bu müddətdə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı isə 5 dəfə artıb". Baş nazirin birinci müavini bildirib ki, aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslərin və sahibkarların mənfəəti və gəlirinin 50 faizi vergidən azad edilib, habelə onlar əmlak və torpaq vergisindən, idxal etdikləri texnika, texnoloji avadanlıq, qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad olunub.
Azərbaycanın əldə etdiyi uğurların beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq öz müsbət əksini tapdığını deyən Y.Eyyubov bildirib ki, Dünya İqtisadi Forumunun 2017-2018 Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 35-ci yerədək yüksəlib və MDB məkanında liderliyini qoruyub saxlayıb. Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan dünyada ümumi infrastrukturun inkişafına görə 26-cı, əhalinin ölkənin siyasi xadimlərinə etimad göstəricisi üzrə 20-ci yerdədir.

Elman Rüstəmov: “İlin sonuna inflyasiyanın elan edilən hədəf intervalından aşağı olacağı gözlənilir”

2014-cü ilin sonundan başlayan xarici şok makroiqtisadi sferada dərin manevrin həyata keçirilməsi zərurətini yaratdığını deyən Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib: “2015-ci ildən fiskal və monetar siyasətdə həyata keçirilmiş genişmiqyaslı makroiqtisadi manevr xarici şokun neqativ nəticələrini minimallaşdırmağa imkan verdi. Manevr çərçivəsində neft gəlirlərindən istifadə səviyyəsi optimallaşdırıldı, məzənnə korreksiyası və adekvat monetar siyasət həyata keçirildi. Nəticədə milli iqtisadiyyatda xarici və daxili tarazlıq bərpa olundu, ölkənin strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət edildi, 2017-ci ildə tədiyə balansında profisit yarandı, milli valyutanın məzənnəsinin yeni tarazlıq səviyyəsi formalaşdı, inflyasiya azaldı və iqtisadi artımın bərpasına nail olundu.
2017-ci ildən formalaşan makroiqtisadi sabitlik meyilləri 2018-ci ildə davam etməkdədir. Cari ildə inflyasiya birrəqəmli səviyyədə möhkəmlənib, 7 ayda orta illik inflyasiya 2,8 faiz təşkil edib. Proqnozlara görə, ilin sonuna inflyasiyanın elan edilmiş hədəf intervalından aşağı olacağı gözlənilir. Makroiqtisadi sabitlik meyillərinin güclənməsini nəzərə alaraq pul siyasətinin normallaşması istiqamətində addımlar atılıb. Cari ildə uçot dərəcəsi mərhələlərlə 15 faizdən 10 faizə endirilib və faiz dəhlizi optimallaşdırılıb". E.Rüstəmov deyib ki, cari ilin 6 ayında tədiyə balansının Cari Əməliyyat Balansında ÜDM-in 16 faizi səviyyəsində profisit yaranıb. Belə şəraitdə valyuta bazarı tarazlı olub və ölkənin strateji valyuta ehtiyatları əhəmiyyətli artıb. Proqnozlara görə ilin sonuna tədiyə balansının profisitli olacağı gözlənilir".
O bildirib ki, Azərbaycan bank əsaslı maliyyə sektoruna malik olduğundan sektorda sabitliyin qorunması və maliyyə vasitəçiliyinin gücləndirilməsi başlıca prioritetdir.

Pərviz Şahbazov: “Azərbaycanın neft-qaz sektoruna təqribən 95 milyard dollar investisiya cəlb olunub”

Energetika naziri Pərviz Şahbazov çıxışında qeyd edib ki, müasir dünyada və beynəlxalq münasibətlər sistemində enerji amilinin rolu getdikcə artır, o, qlobal, regional, milli təhlükəsizlik, iqtisadi inkişaf və əməkdaşlıq məsələlərində əhəmiyyətli rol oynayır. Davamlı enerji təminatı enerji təhlükəsizliyinin mühüm amilinə çevrilib.
Nazir Azərbaycanın neft-qaz sektoruna müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi üçün təqribən 95 milyard dolları həcmində investisiya cəlb edildiyini vurğulayıb: “Ötən il 2 milyardıncı ton neftini hasil edən Azərbaycan tarixən neft-qaz ölkəsi kimi tanınır və qlobal enerji layihələrinin müəllifidir.
Dünyanın enerji balansında təbii qazın çəkisi getdikcə artmaqdadır. Bu mənada “Cənub Qaz Dəhlizi” layihəsinin icrası istiqamətində görülmüş işlər xüsusi əhəmiyyət daşıyır”.
Prezidentin iqtisadi islahatlar kursunun ölkənin biomüxtəlifliyi və multikulturalizmi əsasında iqtisadiyyatın şaxələndirilməsi üçün geniş imkanların açdığını deyən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı əlavə edib ki, əlverişli biznes mühiti və infrastruktur, makroiqtisadi sabitlik, dövlət dəstəyi, yeni iqtisadi artım nöqtələrinin müəyyənləşməsi, iqtisadiyyatın proqnozlaşdırılma səviyyəsinin artması, həmçinin bazarlara yaxınlıq xarici sərmayənin cəlbi üçün münbit zəmindir. Azərbaycandan dünya istehlakçılarının yarısını əhatə edən 50 ölkəyə uçuş 4 saat civarındadır. Azərbaycanın 1,6 trilyon dollarlıq ÜDM-ə malik bazarlara azad ticarət sazişləri ilə çıxışı var: “MDB-də ən rəqabətə davamlı iqtisadiyyatı quran Azərbaycan dünyada m-rezidentlik təklif edən ilk və e-rezidentlik təqdim edən ikinci ölkədir. Bütün deyilənlər Azərbaycana xarici sərmayə cəlbini sürətləndirir. "Azərbaycan Rəqabətlilik Forumu 2018" hökumət və ABŞ biznes dairələri arasında davamlı iqtisadi inkişafı təmin edəcək sərmayə qoyuluşunun artırılması üçün yeni imkanlar açır. Ağ Evin təşəbbüsü kimi qurulan Beynəlxalq Anlaşma üçün İşgüzar Şurası bir çoxu "Fortune 500"-ə daxil olan 200 üzv şirkətə malikdir. Belə bir qurumun "Azərbaycan Rəqabətlilik Forumu"nu dəstəkləməsi ölkəmizin biznes mühitinə və iqtisadi siyasətə olan böyük etimadın göstəricisidir”.
ABŞ Dövlət Departamentinin İqtisadi və Ticarət İşləri üzrə köməkçisinin birinci müavini Brain McFeeters “Azərbaycan Rəqabətlilik Forumu”nun məqsədləri barədə danışıb, ABŞ şirkətlərini Azərbaycan üzrə planlarına dair məlumatları bölüşməyə dəvət edib. Sonra müzakirələr müxtəlif sessiyalar üzrə davam edib.
Sessiyalarda vergilər naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri İnam Kərimov, maliyyə naziri Samir Şərifov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun çıxışları dinlənilib. Fikir mübadiləsi üçün beynəlxalq foruma Azərbaycan Sənaye Korporasiyası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Yüksək Texnologiyalar Parkı, "AmCham", "Coca-cola", "Microsoft", "Herbalife", "Motorola", "P&G", "SkyPower Global" kimi iri qurumların nümayəndələri cəlb edilib.
Forum çərçivəsində Azərbaycanın əlverişli biznes mühiti, biznes və investisiyaların cəlb olunması üçün atılan addımlar, maliyyə, maliyyə sektoru üzrə perspektivlər, eləcə də, enerji, infrastruktur, vergi, kənd təsərrüfatına aid bir sıra məsələlər müzakirə olunub.
Nigar

Xəbər 76 dəfə oxundu.