Azərbaycan-Kosovo oyununda hesab açılmayıb

Fasilədən sonra daha üstün oyun nümayiş etdirən Azərbaycan milli komandası hücumlarının sayını artırıb. Lakin bu fəallıq heç bir nəticə verməyib. Görüşdə hesab açılmayıb - 0:0.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sentyabrın 10-da səfərdə Malta seçməsi ilə keçirəcək, Kosovo yığması isə doğma meydanda Farer Adaları millisini qəbul edəcək.

20:54

İlk dəqiqələrdən irəli atılan Azərbaycan milli komandası rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq, birinci hissə qolsuz heç-heçə ilə başa çatıb.

20:00

Sentyabrın 7-də Azərbaycan milli komandası futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kosovo yığması ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya stadionunda keçirilən oyunda Azərbaycan yığmasının start heyətində Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Maksim Medvedev, Mahir Mədətov, Urfan Abbasov, Emin Mahmudov, Ruslan Qurbanov, Riçard Almeyda, Ramil Şeydayev, Bədəvi Hüseynov yer alıblar.
Kosovo millisinin ilk onbirliyində isə meydana Samir Aykani, Fidan Aliti, Xerolind Şala, Xekuran Kriyeziu, Bersant Celina, Arber Zeneli, Amir Raxmani, Merqrim Voyvoda, Vedat Murici, Leart Pacarada və Edon Jeqrova çıxıblar.
Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Ola Hobber Nilsendi. Ona Harald Qronevik, Oskar İsaksen və Simon İtterland kömək edirlər. Espen Andreas Eskas və Tom Harald Haqen əlavə köməkçi hakim funksiyasını yerinə yetirirlər. Portuqaliyalı Lusilio Kardozo Kortez Batista matçın hakim-inspektoru, hollandiyalı Martin Sturkenbum isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirir. Matç “CBC Sport” kanalı ilə birbaşa yayımlanır.
Milli komandamızın yer aldığı qrupun digər görüşündə Farer Adaları seçməsi Malta yığmasını qəbul edəcək. Matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Xəbər 107 dəfə oxundu.