Ölkəyə ABŞ-da istehsal olunmuş daha 100 ədəd pambıqyığan kombayn gətirilib

Sentyabrın 8-də “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Salyan təchizat bazasında respublikada pambıq yığımının başlanması ilə əlaqədar alınan yeni pambıqyığan kombaynların təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri, pambıq istehsalı ilə məşğul olan şirkət nümayəndələri, həmçinin fermerlər, sahibkarlar və mexanizatorlar iştirak ediblər.
Təqdimat mərasimində ABŞ-da istehsal olunan pambıqyığan maşınlara baxış keçirilib.
Mərasimdə çıxış edən “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyindən, pambıqçılığın inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, ölkədə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün kifayət qədər maddi-texniki baza yaradılır, ən müasir texnika və texnoloji avadanlıqlar fermer və sahibkarların istifadəsinə verilir.
Diqqətə çatdırılıb ki, hazırda ölkəmizin ayrı-ayrı pambıqçılıq təsərrüfatlarında 303 ədəd pambıqyığan kombayn var. Məhsul yığımı ərəfəsində respublikamıza ABŞ-da istehsal olunmuş daha 100 ədəd kombayn gətirilib və maşınlar lizinq yolu ilə məhsul istehsalçılarına paylanılır.
Tədbir iştirakçıları təqdimatdan sonra yeni pambıqyığan kombaynlarla yaxından tanış olublar.

Xəbər 94 dəfə oxundu.