“Bir Kəmər Bir Yol” layihəsi Azərbaycan üçün yeni inkişaf imkanları yaradır

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı Çinin CEC televiziya kanalına müsahibə verib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə odlar yurdu Azərbaycanın geostrateji mövqeyi, yerləşdiyi region barədə ətraflı məlumat verilir.
Müsahibədə səfir Çin ilə Azərbaycan arasındakı tarixi, ənənəvi və dostluq münasibətlərindən, “Bir Kəmər Bir Yol” təşəbbüsünün ölkələrimiz üçün yaratdığı yeni əməkdaşlıq imkanlarından danışıb. Bildirilib ki, Çin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. 1992-ci il aprelin 2-də iki ölkə arasında diplomatik əlaqələr qurulub. Bu illər ərzində Çin Azərbaycanın önəmli ticarət tərəfdaşlarından birinə çevrilib.
Si Cinpinin təşəbbüsü ilə 2013-cü ildə təməli qoyulan “Bir Kəmər Bir Yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. İndiyədək ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı çoxsaylı sazişlər imzalanıb. Heç şübhəsiz ki, “Bir Kəmər Bir Yol” layihəsi Azərbaycan üçün yeni inkişaf imkanları yaradır.

Xəbər 35 dəfə oxundu.