Azərbaycan-Xorvatiya münasibətləri uğurla inkişaf edir və geniş perspektivlərə malikdir

“Cənubi Qafqaz regionunun lider dövləti olan, beynəlxalq müstəvidə əməkdaşlıq və təhlükəsizliyə fundamental töhfələr verən, Avrasiyanın yeni nəqliyyat və enerji xəritəsini formalaşdıran Azərbaycan dünya siyasətində etibarlı tərəfdaş kimi tanınır. Təsadüfi deyil ki, səmərəli xarici siyasət kursunun məntiqi nəticəsi kimi, Azərbaycanın müsbət beynəlxalq imici mütəmadi olaraq möhkəmlənir, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır. Bu gün Azərbaycanın ikitərəfli və çoxtərəfli əlaqələri uğurla inkişaf edir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Beynəlxalq münasibətlər şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva qeyd edib ki, Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu ölkələrdən biri Xorvatiya Respublikasıdır. “Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri bu münasibətlərin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri olub. Prezidentlər əməkdaşlığın müxtəlif aspektlərinə dair məsələləri ətraflı müzakirə ediblər. Prezident İlham Əliyev, eyni zamanda, bu ölkə parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb. Dövlətimizin başçısı Zaqrebdə “Xorvatiya Qurbanlarının Səsi - Ağrı Divarı” abidəsini də ziyarət edib. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər. Bütün bunlar onu göstərir ki, Azərbaycan ilə Xorvatiya arasında çox fəal siyasi dialoq mövcuddur və ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir”, - deyə S.Fətəliyeva bildirib.
Xorvatiya ilə Azərbaycanın iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu deyən deputat əlavə edib ki, hər iki ölkə arasında iqtisadi əməkdaşlıqla əlaqədar qarşılıqlı komissiya fəaliyyət göstərir. Onun sözlərinə görə, qarşıdakı illərdə ticarət dövriyyəsinin artırılması və müştərək investisiya layihələrinin reallaşdırılması ilə bağlı müvafiq işlər görüləcək. “Bundan başqa, tərəflər arasında kənd təsərrüfatının inkişafı, informasiya texnologiyaları, gəmiqayırma, yeyinti məhsullarının emalı sahələrində də əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın inkişafı diqqət mərkəzindədir. Səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması da bunu göstərir”,-deyə Milli Məclisin deputatı vurğulayıb.
Xorvatiya və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın mühüm önəmə malik olduğunu qeyd edən deputat bildirib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir.
Sevinc Fətəliyeva deyib: “Hazırda respublikamızın təşəbbüsü ilə Xəzər hövzəsini uzaq Adriatik dənizi, oradan isə Avropa ölkələri ilə əlaqələndirən Cənub Qaz Dəhlizi inşa olunur. İnvestisiya dəyəri 40 milyard dollardan çox olan bu layihə 7 ölkəni birləşdirir. Xorvatiya da Cənub Qaz Dəhlizinə böyük maraq göstərir, bu layihədə iştirak etmək istəyini ifadə edir. Bu ölkə Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantılarında mütəmadi olaraq iştirak edir”.
Azərbaycanın strateji tərəfdaşı olan Xorvatiyanın daim ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığını dəstəklədiyini söyləyən deputat qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması, yeni Sazişin imzalanması istiqamətində müvafiq işlərin aparılması qarşılıqlı faydalı münasibətlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
“Bütövlükdə, səfərin nəticələri deməyə əsas verir ki, Azərbaycan-Xorvatiya münasibətləri uğurla inkişaf edir və geniş perspektivlərə malikdir”,-deyə S.Fətəliyeva vurğulayıb.

Xəbər 55 dəfə oxundu.