İsveçdə parlament seçkilərinin nəticələri mürəkkəb siyasi vəziyyət yaradıb

Sentyabrın 9-da İsveçdə baş tutan parlament (Riksdaq) seçkilərinin nəticələri mürəkkəb siyasi vəziyyət yaradıb.

AZƏRTAC xəbər verir ki, 10 milyonluq İsveç əhalisinin təxminən 7,5 milyon qeydiyyatdan keçmiş seçicisi 29 seçki dairəsində öz hüququndan istifadə edib. Seçicilər 349 yerə malik Riksdaqa dörd il müddətinə təxminən 6,300 namizəd arasından seçim ediblər.
Sosioloqların əvvəlcədən proqnozlaşdırdığı kimi, seçkilər gözlənilməz və yeni hökumətin formalaşmasını çətinləşdirən nəticə ilə bitib.
Belə ki, ilkin nəticələrə əsasən, 40,6 faiz səs ilə Sosial Demokratlar, Yaşıllar və Sol Partiyanın ittifaqı parlamentdə 144 yer qazanıb. Ardınca 40,3 faiz səs ilə Moderatlar, Mərkəz, Liberallar və Xristian-Demokratlar partiyalarının yer aldığı “Alyans” bloku parlamentdə 143 yer qazanıb. Seçkilərdə ən çox maraq doğuran siyasi partiya olan milliyyətçi, antimiqrant İsveç Demokratları Partiyası isə səslərin təxminən 17,6 faizini qazanaraq üçüncü yerdə qərarlaşıb.
Yerli medianın verdiyi məlumata əsasən, seçkilərin nəticələri onu deməyə imkan verir ki, heç bir tərəf əksəriyyət hökumətini qura bilməyəcək.
Seçkilərin ilkin nəticələrini şərh edən Sosial Demokratlar Partiyasından olan hakim ittifaqın rəhbəri və ölkənin baş naziri Stefan Lyoven bəyan edib ki, blokların heç biri əksər səsi toplamağa nail olmayıb. O habelə gələcək hökumətin formalaşması ilə bağlı danışıqları sakit formada aparılmağı təklif edib.

Xəbər 97 dəfə oxundu.