Qədim Roma İmperiyasına aid qızıl sikkələr tapılıb

İtaliyanın şimalındakı Komo şəhəri yaxınlığında, köhnə bir teatrın ərazisində yüzlərlə Qədim Roma imperiyası dövrünə aid olan qızıl sikkələr tapılıb.
AZƏRTAC İtaliyanın “thelocal.it” saytına istinadla xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Roma imperiyasının son dövrlərinə (bizim eranın V əsrinə) aid olduğu güman edilən qızıl sikkələr “Cressoni” teatrının zirzəmisində unikal formalı steatit qabda aşkar edilib. Yerli KİV-lər sikkələrin milyonlarla avro dəyərində olduğunu bildirirlər.
“Hələ bu tapıntının tarixi və mədəni əhəmiyyətini bilmirik. Bu zona arxeoloqlarımız üçün əsl xəzinədir. Mən tapıntı ilə fəxr edirəm”, – deyə ölkənin mədəni irs, fəaliyyət və turizm naziri Alberto Bonizoli “Facebook”da yazıb.
1870-ci ildə açılan, daha sonralar isə bağlandığı ilədək (1997-ci ilə qədər) kinoteatr kimi fəaliyyət göstərən teatrın sökülüb yerində dəbdəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulduğu da bildirilib.

Xəbər 123 dəfə oxundu.