Xəzərin mühafizə zolağında monitorinqlər aparılır
Xəzər dənizinin mühafizə zolağında aparılan monitorinqlər nəticəsində 78 halla bağlı cərimə tətbiq edilib. Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, komitə tərəfindən Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı aparılan monitorinqlər artıq nəticəsini verir. Komitə tərəfindən məhkəmələrə göndərilən işlərdən 5-i haqqında qəbul edilən qərarın icrasına başlanılıb. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tiklilər cavabdehlərin hesabına sökülərək, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması təmin ediləcək. Hazırda Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən 76 hal barəsində Daxili İşlər Nazirliyinə məktublar göndərilib, 78 halla bağlı isə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimə tətbiq olunub. Belə qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 1 aprel tarixli Qərarına əsasən Xəzər dənizinin (gölünün) sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri təsdiq edilib. Qərara görə həmin zolağın su səthinin quru ilə təmas xəttinin uzunluğu 752,9 kilometr və zolağa düşən torpaq istifadəçilərinin sayı isə 517 olduğu müəyyənləşdirilib. Torpaq Məcəlləsinin 46-cı maddəsinin müvafiq bəndinə uyğun olaraq Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağına düşən torpaq sahələri Əmlak Məsələləri Dövlət Komitəsinin təqdimatı əsasında Nazirlər Kabinetinin qərarı ilə istifadəyə və icarəyə verilə bilər.

Xəbər 99 dəfə oxundu.