Bilik Fondu Bakıda və Neftçalada təmizlik aksiyaları keçirib
Prezident yanında Bilik Fondu “Ekoloji maarifləndirmə” proqramı çərçivəsində Bakı şəhərində və Neftçala rayonunda təmizlik aksiyaları keçirib. Bakı şəhəri Səbail rayonunda yerləşən “Dostluq” parkında təşkil olunan aksiyada Bilik Fondunun və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yasamal və Səbail rayonlarının məktəbliləri, müəllimlər, Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri iştirak ediblər.
Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla aksiya iştirakçıları ilə söhbətində XXI əsr texnologiya dövründə təbiətin mühafizəsinin hər birimizin ümdə borcu olduğunu vurgulayıb və bu təşəbbüsün son vaxtlar respublikamızda aparılan genişmiqyaslı təmizlik işləri ilə üst-üstə düşdüyünü söyləyib.
Fondun baş məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Nüşabə Hüseynli çıxışında bizə miras qalan yerüstü və yeraltı sərvətlərimizin nəsildən-nəslə ötürülən bir əmanət olduğunu bildirib, bu əmanəti göz-bəbəyimiz kimi qorumağın, gələcək nəslə layiqincə çatdırmağın vacibliyini qeyd edib. O, aksiyanın Beynəlxalq Gözəllik günü ərəfəsində keçirilməsinin təsadüfi olmadığını vurğulayıb.
Fondun baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Əliyeva aksiyanın Beynəlxalq Savad gününə həsr olunduğunu deyib. E.Əliyeva təbiətimizin bizə anamız qədər əziz olduğunu söyləyib, aksiya iştirakçılarına uğurlar arzulayıb. “Tariximizi öyrənək və öyrədək” klubunun üzvü, Azərbaycan Universitetinin 3-cü kurs tələbəsi Tünzalə Kazımova Vətən sevgisinin elə təbiətlə, ayaq basdığımız torpaqla, nəfəs aldığımız hava, içdiyimiz su ilə bağlı olduğunu deyib. Yasamal rayonu 53 nömrəli orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Vəfa Süleymanova isə doğma Azərbaycanımızın təbiəti, flora və faunası, iqlimi barədə dolğun məlumat verib, təbiəti təbiət hadisələrinin özündən xilas etməklə yanaşı, insanların ona zərər vurmasının qarşısını almağın üsullarından bəhs edib. O bildirib ki, aksiya həm də elmlə həyat təcrübəsinin vəhdətinin bariz nümunəsidir. Tədbirdə iştirak edən məktəblilər mövzuya dair yazdıqları esseləri oxuyublar, Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyini əks etdirən rəsm nümunələrini nümayiş etdiriblər. Çıxışlardan sonra parkda təmizlik işlərinə start verilib. Aksiya iştirakçıları parkın böyük bir hissəsini tullantılardan və yabanı bitkilərdən təmizləyiblər. Sonda aksiyada fəal iştirak edən 53 nömrəli məktəbin kollektivinə xüsusi təşəkkür bildirilib, ekologiya mövzusunda kitablar və geyim dəstləri hədiyyə edilib. Xəzər dənizinin Neftçala rayonu Şirvanlı kəndinin ərazisindəki sahilində yerləşən çimərliyin plastik tullantılardan təmizlənməsi aksiyası isə Fondun yerli nümayəndəsi, Yeniqışlaq kənd ümumi orta məktəbinin direktoru Ülvi Fərzəliyevin təşəbbüsü ilə keçirilib. Aksiyanın hər həftənin bazar günü davam etdirilməsi planlaşdırılıb.

Anar

Xəbər 128 dəfə oxundu.