“Florens” qasırğası ABŞ-ın cənub-şərq sahillərinə yaxınlaşır
Atlantik okeanı hövzəsində bu il sayca altıncı olan “Florens” tropik fırtınası bazar günü qasırğaya çevrilib və get-gedə güclənməkdədir.
AZƏRTAC xəbər verir ki, hazırda qasırğa saatda 140 kilometr sürətlə irəliləyir. Gözlənildiyinə görə, növbəti iki gün ərzində qasırğanın şiddəti 3-cü kateqoriyaya çatacaq. Mayamidəki Mili Qasırğalar Mərkəzinin meteoroloqlarının verdiyi məlumata görə, “Florens” qasırğası Şimali və Cənubi Karolina ştatlarının sərhədinə doğru hərəkət edir. Şimali Karolina ştatının qubernatoru Roy Kuper ştat sakinlərinə xəbərdarlıq edib ki, qasırğa sahilboyu ərazilərdə çox böyük dalğalar və təhlükəli axınlar yaradır. Bu arada Atlantikada yeni fırtınalar formalaşmaqdadır. Əgər onlar şiddətlənərək tropik fırtınalara çevrilsə, yeni fırtınaların adları “Helen” və “Ayzek” olacaq. Gücünə görə qasırğaya bərabər olan “Helen” artıq gələn həftə Karib hövzəsinə çata bilər.

Mahmud

Xəbər 149 dəfə oxundu.