Gimnastika Federasiyası ardıcıl olaraq yerli yarışlar təşkil edəcək
Azərbaycan Gimnastika Federasiyası ardıcıl olaraq, gimnastikanın 3 növü üzrə yerli yarışlar təşkil edəcək. Bu barədə Azərbaycan Gimnastika Federasiyasından xəbər verilib.
Sentyabrın 21-də Bakı Gimnastika Məktəbində tamblinq üzrə 16-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək. Yarışlarda Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, “Neftçi İdman Klubu” və “Ocaq Sport” klubunu təmsil edən 25 gimnast çıxış edəcək. İştirakçılar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.
Bir neçə gün sonra – sentyabrın 26-27-də “Ocaq Sport” klubun zalında akrobatika gimnastikası üzrə 25-ci Azərbaycan və Bakı birinciliyi baş tutacaq. Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Neftçi İdman Klubu və Ocaq Sport Klubunu (Şabran) təmsil edən ümumilikdə 25 qadın cütlükləri, kişi cütlükləri, qadın qrupları, kişi qrupları və qarışıq cütlüklər balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında öz güclərini sınayacaqlar. Son olaraq isə mübarizəyə batutçular qoşulacaqlar. Sentyabrın 27-də “Ocaq Sport”da batut gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi təşkil olunacaq. Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubunu təmsil edən ümumilikdə 44 batutçu balacalar, uşaqlar, yeniyetmələr gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparacaq.

Xəbər 44 dəfə oxundu.