İdlib düyünü: Suriya növbəti böyük toqquşma ərəfəsində
Suriyanın İdlib şəhərindəki hərbi müxalifət Əsəd rejiminə aid döyüş təyyarələrinin həyata keçirdiyi hava əməliyyatlarına cavab olaraq rejimə məxsus hərbi məntəqələrə raket hücumu edib.
Azad Suriya Ordusu daxilindəki qruplardan ibarət Milli Azadlıq Cəbhəsinin sosial şəbəkədə yayılan açıqlamasında deyilir ki, rejimin İdlib şəhəri ərazilərində yaşayan mülki vətəndaşları hədəf götürməsi qarşısında Hama vilayətindəki tankların yerləşdiyi məktəb bazasına “Qrad” raketlərilə zərbələr endirilib. Qeyd edək ki, Əsəd rejimi ayın əvvəlindən İdlibdə hava və qurudan hücumlar həyata keçirir. Rusiya isə iddia edir ki, ABŞ Suriyaya hava hücumu təşkil edib. İddiaya görə, 2 ABŞ qırıcısı Deyr-əz-Zora fosfor bombası atıb. Rusiya tərəfi bildirir ki, şənbə günü ABŞ-a məxsus iki F-15 qırıcısı Deyr-əz-Zora hücum edib və hücumlar zamanı bölgəyə fosfor bombaları atılıb. Hacin kəndini hədəf alan hücumlarda bombaların düşdüyü yerdə yanğın olduğu bildirilir. Rusiya mənbələrindən isə ölü və yaralılar haqqında məlumat yoxdur. Amma Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın Deyr-əz-Zor əyalətinə fosfor bombalarından istifadə etməklə hava zərbələri endirdiyi barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatını təkzib edib. “İnterfax” xəbər verir ki, ABŞ-ın hərbi qurumunun nümayəndəsi Şon Robertson ağ fosforlu döyüş başlıqlarının istifadəsi ilə bağlı hazırda Pentaqonda informasiyanın olmadığını bildirib. Onun sözlərinə görə, Amerika ordusunun həmin rayonda dislokasiya olunan heç bir bölməsində bu növ silah mövcud deyil. Qeyd edək ki, ağ fosforlu döyüş sursatlarının istifadəsi 1949-cu il Cenevrə konvensiyasının əlavə protokolu ilə qadağan olunub. Eyni zamanda Ağ Ev Rusiya və Əsəd rejimindən İdlib əməliyyatında Suriya müxalifətinə hücum edilməməsini və şəhərə humanitar yardımın təmin edilməsini tələb edib. Açıqlamada deyilir: “ABŞ və müttəfiqləri Rusiyanın dəstək verdiyi Əsəd rejiminin əhalisi sıx olan İdlibə hücum etməsi vəziyyətində qorxunc bir humanitar böhranın baş verməsinə görə narahatdırlar. Rusiya və Dəməşq rejimini mülki vətəndaşları qorumağa və göndəriləcək beynəlxalq yardımlar da olmaqla, yardım qruplarının daxil olmasını təmin etməyə çağırırıq". Ağ Ev Əsəd rejimini Türkiyə hərbi müşahidəçilərini təhlükəyə atmaqdan çəkinməyə çağırıb. Türkiyə öz növbəsində Suriya ilə sərhədindəki hərbi birliklərinin sayının artırmaqla məşğuldur. Yeni göndərilən hərbi qüvvələr Kilisə çatıb. Müxtəlif birliklərdən göndərilən haubitsa və tanklarla yüklənmiş tırların da olduğu hərbi maşınlardan ibarət konvoy sərhəd qoşunlarına təqdim edilib. Yeni hərbi maşınlar hərbi birliklərə möhkəmləndirmək məqsədi daşıyır. Bu arada onu da qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Karkaş “Twitter” hesabı vasitəsilə açıqlama verərək Suriyada baş verən son hadisələri dəyərləndirib: "İdlib sakinlərinin qanlı qarşıdurmalardan kənarda tutulması BƏƏ və beynəlxalq ictimaiyyətin prioritetidir".
Karkaş ərəblərin Suriya böhranın həllindəki rollarının azalma səbəbinin ortaya qoyulması üçün geniş və ciddi tədqiqatların aparılmasının vacibliyini qeyd edib.

Anar

Xəbər 82 dəfə oxundu.