Paşinyanın Qarabağ “diplomatiyası“ müharibəyə aparan yoldur
Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistanın xarici diplomatiyasında dostluq-düşmənçilik sxeminə uyğun gəlməyən münasibət növü yaranıb. Bunu “qarşılıqlı münasibətlər minimumu” adlandırmaq olar.
Bunu Trend-ə azərbaycanlı politoloq, “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
E.Ələsgərovun sözlərinə görə, N.Paşinyan faktiki olaraq təkcə Azərbaycanla yox, həm də Rusiya, Türkiyə, İran və digər ölkələrlə gərginliyə və minimum siyasi əlaqələrə nail olub:
“Moskvaya son səfəri zamanı Paşinyan hər kəsi öz dostluğuna inandırmağa çalışıb. Nikol Paşinyan Vladimir Putinlə görüşü zamanı Ermənistan-Rusiya münasibətlərini “parlaq münasibətlər” kimi qeyri-diplomatik terminlə ifadə edib. Buna əlavə olaraq, Vaşinqtonun hər şeydə Moskvanı günahlandırmaq dəbini əsas götürərək Putini “Ermənistanın işlərinə qarışmamağa” çağırıb. Amma Rusiyaya dostluq diplomatiyası nümayiş etdirməklə Paşinyan istənilən nəticəyə nail ola bilməyib, çünki Ermənistandakı real kadr siyasəti və başlanan cinayət işləri indiki hakimiyyətin antirusiya məğzini nümayiş etdirir”.
Ekspert bildirib ki, N.Paşinyan Ermənistanın əvvəlki rəhbərlərinin taleyindən dərs çıxarmayıb:
“Ermənistanın bütün bədbəxtliklərində elə özü günahkardır. Ermənistan qoşunları tərəfindən Azərbaycan ərazilərinin işğalı, Azərbaycan xalqına qarşı etnik təmizləmə, işğal olunmuş ərazilərdə marionet rejiminin qurulması, beynəlxalq hüquq normalarının pozulması beynəlxalq cinayətdir, bu normaların pozulmasına görə, məsuliyyət daşıyan şəxslər isə, o cümlədən Paşinyan hərbi cinayətkar kimi qəbul olunmalıdır”.
E.Ələsgərov vurğulayıb ki, Ermənistan baş nazirinin Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğal olunmuş yeddi rayonunun qondarma “DQR”in tərkib hissəsi olması barədə açıqlaması N.Paşinyanın tanınmayan dövlətin konstitusiyasını tanıdığını bildirir:
“Bu halda Azərbaycan Qarabağ ermənilərinin öz müqəddəratını həll etmə hüququnu nəzərdən keçirməkdən imtina edə və bu maddəni yol xəritəsindən çıxara bilər”.
Ekspertin fikrincə, N.Paşinyan ölkə rəhbəri kimi özünü axmaq vəziyyətə salır:
“Ermənistan hansısa QHT-lərin və ya fondların sənədlərini rəhbər tutur, bu da ona göstərir ki, ölkədə idarəçilik problemləri var. Paşinyanın ziddiyyətli, məntiqsiz, düşünülməmiş və danışıqlar prosesinə uyğun olmayan açıqlamaları Azərbaycana əsas verir ki, onu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar üzrə legitim nümayəndə kimi qəbul etməsin. Çünki onun diplomatiyadan uzaq açıqlamaları Azərbaycan və Ermənistan xalqları arasında müharibəyə aparan yoldur”.
Onun sözlərinə görə, Azərbaycan ilk dəfədir ki, Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir konsepsiya təklif etmədiyi bir vəziyyətlə üzləşib.
E.Ələsgərov əlavə edib ki, bununla əlaqədar olaraq Azərbaycan N.Paşinyanın danışıqlar prosesinin dalana aparan ziddiyyətli açıqlamaları ilə bağlı həmsədrləri bəyanat verməyə çağırmalıdır:
“ATƏT Minsk qrupunun həmsədr ölkələrindən tələb etmək lazımdır ki, Yerevan qarşısında ultimatum qoysunlar. Eyni zamanda Ermənistan hökuməti qarşısında müəyyən olunmuş müddətdə substantiv danışıqların başlaması barədə qəti tələb qoymaq lazımdır və bu tələb həmin təklifin icra olunmayacağı təqdirdə bu və ya digər tədbirlərin görüləcəyi təhdidi ilə müşayiət olunmalıdır”.


Xəbər 66 dəfə oxundu.