SOCAR Ukraynada təbii qaz tədarükünü artırmağı proqnozlaşdırır
“SOCAR Energy Ukraine” Ukraynaya təbii qaz tədarükünü əhəmiyyətli dərəcədə artırmağı proqnozlaşdırır.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, bu ilin birinci yarısında “SOCAR Energy Ukraine” ölkəyə 250 milyon kubmetr təbii qaz idxal edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.
“Treyder satın alınmış qaz ehtiyatlarını həm məişət istehlakçılarına, həm də iri biznes strukturlarına göndərir. Ukrayna ərazisində “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqələrinin (YDM) sayının artırılması üçün işlər davam etdirilir, müvafiq qurumlarla yazışmalar aparılır. Hazırda premium sinfinə aid YDM şəbəkəsinə Ukraynanın 11 vilayətində quraşdırılmış 61 yanacaqdoldurma kompleksi daxildir”, - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir və şirkət 2009-cu il dekabrında yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir. SOCAR tərəfindən şirkətə fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 286 milyon dollar həcmində sərmayə yatırılıb. Ukrayna ərazisində “SOCAR Energy Ukraine” şirkətinə aid 4 neft bazası Kiyev, Odessa, Lvov və Xarkov şəhərlərində fəaliyyət göstərir.

Xəbər 74 dəfə oxundu.