Muxtar respublikada 200-dən çox təhsil müəssisəsi yeni və müasir binalarda fəaliyyət göstərir
Bu il ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən məzunlardan 77 faizi tələbə adını qazanıb Son illərdə muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün yeni binalar tikilib və ya mövcud binalar əsaslı şəkildə yenidən qurulub. Əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də tikinti-quruculuq işlərinin önündə təhsil quruculuğu dayanıb. Belə ki, 2018-ci ilin birinci yarımili ərzində 904 şagird yerlik 3 ümumtəhsil məktəbi və Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin ənənəvi sentyabr konfransında səsləndirilib.
Konfransda muxtar respublikanın bütün təhsil müəssisələrinin rəhbərləri, muxtar respublikanın Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov konfransda məruzə ilə çıxış edib, təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, muxtar respublikada təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir.
“Təhsilə dövlət qayğısı təkcə məktəb tikintisi ilə yekunlaşmayıb, muxtar respublikada pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, informasiya-kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, distant təhsilin reallaşdırılması bu sahədə uğurların qazanılmasına şərait yaradıb” - deyən nazir vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, elmi dərəcəli müəllimlər tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçilməsi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında, qabaqcıl təcrübənin öyrənilməsi və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılmasında mühüm rol oynayır.
Qeyd edilib ki, bu il ali və orta ixtisas təhsili müəssisələrinə 2627 məzun sənəd verib, onlardan 2023-ü, yaxud 77 faizi tələbə adını qazanıb. 2017-2018-ci tədris ilində məzunlardan 13-ü qızıl, 11-i gümüş medallara, 151-i isə fərqlənmə attestatına layiq görülüb.
Rəhman Məmmədov vurğulayıb ki, 2018-2019-cu tədris ili təhsildə ciddi dönüş ili olmalı, mövcud nöqsanlar qısa müddətdə aradan qaldırılmalıdır. Dərslərdə əyani vəsaitlərdən, elektron lövhə, kompüter və laboratoriyaların imkanlarından səmərəli istifadə olunmalıdır. Gənc müəllimlərlə aparılan işin keyfiyyəti artırılmalı, metodik kabinetlərin fəaliyyəti gücləndirilməli, şagirdlərin məktəbəhazırlıq qruplarına və I siniflərə qəbulu zamanı mövcud qaydalara əməl edilməli, kargüzarlıq təlimata uyğun aparılmalıdır. Yeni tədris ilində “Ümumtəhsil müəssisələrinin informasiya sistemi” və “Şagird-məzun sistemi”ndəki məlumatlar vaxtında və düzgün işlənməli, təhsil müəssisələrinə verilmiş bədii ədəbiyyatlardan istifadə, şagirdlər arasında oxunması zəruri olan kitabların mütaliə və müzakirələri təşkil olunmalıdır. Bununla yanaşı, məktəbdənkənar müəssisələrdə əmək intizamının tələblərinə və müəssisədaxili nizam-intizam qaydalarına ciddi əməl edilməli, dərnəklərə uşaqların, o cümlədən sağlamlıq inkanları məhdud uşaqların cəlbi diqqətdə saxlanılmalıdır.
Məruzə ətrafında müzakirələrdə Şərur və Ordubad Rayon Təhsil şöbələrinin müdirləri Tuncay Cəfərov və Samir Zeynalovun, Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədovun, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanovun, Şərur Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Vəfadar Ələkbərovun və Turizm-Diyarşünaslıq Mərkəzinin direktoru Murad Babayevin çıxışları dinlənilib.
Sonda konfransın qətnaməsi qəbul edilib.
Konfransa yekun vuran nazir cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu bir daha vurğulayıb və yeni dərs ilində bütün təhsil işçilərinə və şagirdlərə uğurlar arzulayıb.

Xəbər 123 dəfə oxundu.