“ASAN Viza” sistemi vasitəsilə 760 782 viza verilib
Artıq bir neçə aydır Bakı, Gəncə, Qəbələ və Lənkəran beynəlxalq hava limanlarında “ASAN Viza” sistemləri vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların rəsmiləşdirilməsi təmin edilir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, hava limanlarında əməkdaşlar ölkəmizə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə azərbaycan, ingilis, fransız, ispan, alman, türk, hind, ərəb, fars, ibri, urdu, norveç və rus dillərində xidmət göstərirlər. Şöbə müdiri deyib ki, hazırda Bakı, Gəncə, Qəbələ və Lənkəran beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların rəsmiləşdirilməsi təmin edilir: ""ASAN Viza" özünəxidmət terminalları vasitəsilə hava limanında əcnəbilərə vizaların verilməsinə 2018-ci il mayın 15-dən etibarən başlanılıb. Bu günə kimi 587 557-si “ASAN Viza” portalı vasitəsi ilə, 173 225-i hava limanlarında olmaqla, ümumilikdə 760 782 viza verilib".
Qeyd edək ki, “ASAN Viza” vasitəsilə hava limanlarında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Yaponiya vətəndaşlarına, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərində etibarlı rezident vizalarına sahib olanlar üçün birbaşa vizaların verilməsi təmin edilir.

Tural

Xəbər 130 dəfə oxundu.