“Azərbaycan dini radikalizmin yayılmadığı ölkələr sırasındadır”
Bakı Dağ Yəhudiləri Dini icmasının sədri Aİİ-nin yaradılması haqqında fikirlərini bildirib.
M.Yevdayev qeyd edib ki, Prezident İlham Əliyev İlahiyyat İnstitutunun yaradılması haqqında 9 fevral 2018-ci ildə imzaladığı sərəncamla Azərbaycanda İlahiyyat institutunun yaranmasına rəvac verib. Dini icmanın sədri vurğulayıb ki, ölkə rəhbəri bununla dini radikalizm və ekstremizmə qarşı mübarizədə əsas vasitənin maarifləndirmə metodu olduğunu və gənclərin düzgün dini biliklərə yiyələnmələrinin nə dərəcədə vacib olduğunu diqqətə çatdırıb. “Bu, bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin əsas istiqamətlərinə uyğun olaraq multikultural dəyərlərin qorunması şərtilə dinə bağlılığın geniş surətdə yayılmasını təmin edəcək. Dünyada baş verən münaqişələrin bir hissəsinin dini zəmində olduğunu bilərək dinin əsas mahiyyətini nəzərə almadan ondan öz maraqları naminə istifadə edənlər dini dəyərlərlə dünyəvi dəyərləri qarşı-qarşıya qoyurlar. Azərbaycan dini radikalizmin yayılmadığı ölkələr sırasındadır və bunun da əsas səbəbi dövlətin apardığı düzgün din siyasətidir. Azərbaycanda ekstremizmin sosial bazasının formalaşması üçün heç bir dayağı yoxdur, bu səbəbdən də dünyada, o cümlədən Yaxın Şərqdə gedən münaqişələrə nəzərən ölkəmizdə ictimai-siyasi və dini durum sabitdir. Azərbaycanda mövcud olan tolerantlıq və multikultural mühüt bütün dünyaya bəyan edir ki, dini və mədəni müxtəlifliyin harmoniyasına əsaslanan bir cəmiyyət yaratmaq mümkündür və həmin cəmiyyət yaşamağa qadirdir. Bunun da bariz nümunəsi çağdaş müstəqil Azərbaycan Respublikasıdır. Məhz bu mənada, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Azərbaycanda İlahiyyat İnstitutunun yaradılması ilə bağlı 2018-ci ilin fevralında imzaladığı sərəncamı böyük uzaqgörənliklə vaxtında verilmiş bir qərardır” – deyə Bakı Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev institutun yaradılmasına öz münasibətini açıqlayıb.

Tural

Xəbər 209 dəfə oxundu.