Zaqatala beynəlxalq fındıq, qoz, şabalıd festivalına hazırlaşır
Sentyabrın 29-da Zaqatala rayonunda beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçiriləcək. Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq. Festivala hazırlıq üzrə təşkilat komissiyasının üzvü, rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova AZƏRTAC-a bildirib ki, festivalda ölkəmizdə fəaliyyət göstərən 10-dan artıq xarici ölkə səfirliyinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, fındıq istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edəcəklər. İkinci dəfədir keçiriləcək festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir. Rəsmi açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında olacaq. Burada müxtəlif müsabiqələrin - ən gözəl fındıq, qoz, şabalıd xonçası, qərzəkli meyvələrdən hazırlanmış əl işi, ən yaxşı məlumat lövhəsi, ən gözəl fındıq geyimi, fındıq ləpəsinin qısa müddətdə ipə düzülməsi, ən qısa müddətdə fındıq və qozun çəkiclə qırılması, ləpənin təmizlənməsi və digər yarışların keçirilməsi nəzərdə tutulur. Meydanda, həmçinin qərzəkli meyvələrin satış-yarmarkası da təşkil ediləcək. Festival iştirakçıları fındıq qabığı ilə sobanın yandırılmasını, fındığın və şabalıdın qovrulması prosesini əyani şəkildə izləyəcək, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaqlar. Həmçinin fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq da nümayiş etdiriləcək. Daha sonra XIX əsrə aid tarixi-memarlıq abidəsi olan “Zaqatala qalası”nın ərazisindəki geniş meydanda bədii proqram nümayiş olunacaq.

Xəbər 105 dəfə oxundu.