Paşinyan məqsədlərinin heç birinə çata bilmədi
Hikmət Babaoğlu: “Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı başqa bir sərsəm bəyanatına gəldikdə, Paşinyan yaxşı bilir ki, Azərbaycanın bu məsələdə mövqeyi qətidir”


“Ermənistanın kompromisə hazır olduğunu, bununla bərabər, Azərbaycanın da kompromisə hazır olmasının zəruriliyini qeyd etməsi onun Aprel döyüşlərində Ermənistan ordusunun təxribatçı hərəkətlərinin qarşısını layiqincə alan ölkəmizin hərbi qüdrətindən ehtiyat etməsidir”


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun səhra köməkçisi Mixail Olaru aparacaqlar. Onu da qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.


“Rusiya səfəri Nikol Paşinyanın siyasi karyerasına uğursuz səfər kimi yazıldı”

Qeyd edək ki, atəşkəsi pozan işğalçı ölkənin siyasi hakimiyyəti münaqişənin həlli ilə bağlı konstruktiv mövqe ortaya qoymur. Ermənistanın baş naziri Paşinyanın uğursuz son Moskva səfəri və orada verdiyi açıqlamalar da bunu təsdiqləyir. Koçaryan-Sarkisyan rejimlərinin siyasəti münaqişənin həllinə yönəlməmişdi. Həmin siyasət Ermənistanı çox acınacaqlı vəziyyətə saldı. Paşinyanın həmin siyasəti davam etdirməsi Ermənistanın məhvi olacaq. Milli Məclisin deputatı Hikmət Babaoğlu AZƏRTAC-a açıqlamasında deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı verdiyi açıqlamalar bir daha göstərdi ki, o, natamam siyasətçidir və hələ də ciddi olmaqdan uzaqdır: “Onun Rusiyaya səfərinin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bu ölkənin dəstəyinə nail olmaq, eyni zamanda Ermənistan iqtisadiyyatının mümkün dirçəliş yollarını Rusiya Prezidenti ilə müzakirə etmək idi. Digər tərəfdən Azərbaycanın KTMT-yə mümkün üzvlük məsələsinin Ermənistanı narahat etməsi də Paşinyanın Rusiya səfəri zamanı müzakirə etmək istədiyi məsələlər sırasında yer alırdı. Başqa bir məqsəd Ermənistanın Atom Elektrik Stansiyasının mümkün uzunmüddətli istismar yollarının Rusiya ilə müzakirə edilməsi və bu məsələdə Rusiyadan təminat alınması idi. Amma görüşdən sonra səsləndirilən fikirlər onu göstərdi ki, N.Paşinyan məqsədlərinin heç birinə çata bilməyib. Xüsusilə də o, özü üçün daha əhəmiyyətli olan, yaxın aylarda Ermənistanda keçiriləcək seçkilərdə Rusiyanın dəstəyini qazanmaq məqsədinə nail ola bilməyib”. O qeyd edib ki, N.Paşinyan bütün bu uğursuzluqları ört-basdır etmək üçün yenə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini siyasi manipulyasiya predmetinə çevirərək daha çox daxili auditoriyaya hesablanmış açıqlamalar verdi: “O, bu açıqlamalarında da qeyri-ciddi idi, çünki Paşinyan baş nazirdən daha çox adi vətəndaş kimi danışırdı. Paşinyan çıxışında bildirib: “Mənim təsəvvürümə görə, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi olmalıdır”. Əlbəttə, bu cür fikirlər baş nazir üçün qeyri-ciddi xarakter daşıyır, çünki xüsusilə də başqa bir ölkədə səfərdə olan baş nazir bəyanatlarını dövlət adından verməlidir. Göründüyü kimi, Paşinyan burada öz adından çıxış etməklə bir daha siyasi diletant olduğunu nümayiş etdirdi. O, Rusiya səfərinin uğursuzluğunu ört-basdır etmək üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini də gündəmə gətirdi. Bu məsələni yenidən gündəmə gətirmək onun Ermənistanın dövlət siyasətinin keçmişindən xəbərdar olmamasının və gələcək siyasi perspektivləri aydın görə bilməməsinin göstəricisidir. Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı başqa bir sərsəm bəyanatına gəldikdə, Paşinyan yaxşı bilir ki, Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə edir. Azərbaycan işğal edilmiş ərazilərini hərbi yolla azad etmək iqtidarında olduğunu da sübuta yetirib. Ona görə də Paşinyanın öz bəyanatlarında bu problemin həlli istiqamətində güc tətbiqinin doğru yol olmadığını, məsələnin sülh yolu ilə həllinin vacib olduğunu, Ermənistanın kompromisə hazır olduğunu, bununla bərabər, Azərbaycanın da kompromisə hazır olmasının zəruriliyini qeyd etməsi onun Aprel döyüşlərində Ermənistan ordusunun təxribatçı hərəkətlərinin qarşısını layiqincə alan ölkəmizin hərbi qüdrətindən ehtiyat etməsidir. Bütün bunlar onu göstərir ki, Ermənistanın baş naziri siyasi qeyri-müəyyənlik içərisindədir. Rusiya səfəri də nəticəsiz və uğursuz görüş kimi Nikol Paşinyanın siyasi karyerasına yazıldı”.

“Ermənistanda siyasi motivlərlə, korrupsiya adı altında həbs dalğası davam edir”

Politoloq Arzu Nağıyev isə “Trend”-ə açıqlamasında deyib ki, Paşinyanın Rusiya səfəri, demək olar ki, heç bir nəticə vermədi. Ekspert bildirib ki, bu səfərin adı işgüzar olsa da, Ermənistana ixrac edilən qazın qiymətinin tənzimlənməsi məsələsindən başqa, heç nə ilə yadda qalmadı:
"Paşinyan-Putin görüşü, gözlənildiyi kimi, Rusiya tərəfindən təlimatlar, Ermənistan tərəfindən hesabat xarakterli bir görüş kimi yadda qaldı. Görüş bir daha göstərdi ki, vassal dövlət necə olur və onun rəhbəri özünü necə aparmalıdır". A.Nağıyev qeyd edib ki, N.Paşinyanın özünü belə aparması da başa düşüləndir: "Bəyanatında deyir ki, Rusiya ilə münasibətlər yüksək səviyyədədir, lakin nəticə tam bunun əksidir. Paşinyanın əsas sualları Azərbaycana silah satılmaması ilə bağlıdır, lakin bu barədə hər hansı açıqlama yoxdur. Bundan başqa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin dəyişdirilməsi və ya həbsi ilə bağlı açıqlama vermir, barəsində cinayət işi qaldırılan baş nazirin sabiq müavini Arutyunyan axtarışa verilib və Rusiyada gizlənir. Amma görüşdə bu barədə də danışılmadı, Paşinyanın sevimli mövzusu olan Azərbaycanın KTMT-yə müşahidəçi qismində qəbulu məsələsindən də söhbət açılmadı. Yəni bu görüş, sadəcə olaraq, Paşinyana xəbərdarlıq və tövsiyə kimi yadda qala bilər".
Politoloq deyib ki, son vaxtlar Qərbin bir sıra maliyyə fondları vasitəsilə Ermənistanda qeyri-hökumət təşkilatlarının sayının artması, Dağlıq Qarabağ probleminin həllində durğunluq, Robert Koçaryana qarşı qaldırılan cinayət işi görüşün əsas mövzuları olmalı idi: "Eyni zamanda seçkiyə hazırlaşan Paşinyana, yəqin ki, xəbərdarlıq da edilib. Çünki Ermənistanda siyasi motivlərlə, korrupsiya adı altında həbs dalğası davam edir. Bu isə hərbi xuntanın əməllərinin ifşasıdır və təbii ki, hamıya xoş gələ bilməz. Bir sözlə, bu səfərin adı işgüzar olsa da, Ermənistana ixrac edilən qazın qiymətinin tənzimlənməsi məsələsindən başqa heç nə ilə yadda qalmadı".
A. Miriyev

Xəbər 39 dəfə oxundu.