Naxçıvanda ötən ay əkin sahələrinə 30 milyon kubmetr suvarma suyu verilib

Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 30 milyon kubmetr suvarma suyu verilib, bunun müqabilində 25 min 655 hektar torpaq sahəsi suvarılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komitənin tabeliyindəki təşkilatlar tərəfindən payız-qış mövsümünə hazırlıq, torpaq sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması üçün 2018-ci ilin avqust ayında da işlər davam etdirilib, sudan səmərəli istifadəyə nəzarət artırılıb.
Bu dövrdə 2 kilometr yeni içməli su xətti, 8 kilometr yeni suvarma xətti çəkilib, 4 kilometr mövcud içməli su xətti təmir-bərpa olunub. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 2 min 244 metr uzunluğunda müxtəlif diametrli boru xətti çəkilib.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində də işlər davam etdirilib. Hazırda Şahbuz şəhər çirkab sutəmizləyici qurğusunda avadanlıqlar quraşdırılır və ətrafda abadlıq işləri aparılır.

Xəbər 37 dəfə oxundu.