Azərbaycan əhalisinin sayı açıqlanıb - 9 milyon 943 min 226 nəfər
Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45 min 141 nəfər və ya 0,5 faiz artaraq avqust ayının 1-nə 9 milyon 943 min 226 nəfərə çatıb. Bir kvadratkilometrə düşən əhalinin sayı 115 nəfər olub. Dövlət Statistika Komitəsindən bildiriblər ki, əhalinin ümumi sayının 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 78 min 673, yaxud hər gün orta hesabla 371 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1458-i əkiz, 57-si üçəmdir. Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur. Cari ilin yanvar-iyul ayları ərzində ölkədə 34 min 812 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib. İlin 7 ayında qeydiyyat şöbələri tərəfindən 33 min 9 nikah və 8 min 538 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub. Yanvar-iyul aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2 min 109 nəfər Azərbaycana gələn, 829 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq miqrasiyanın müsbət saldosu 1280 nəfər təşkil edib.

Cavidan

Xəbər 101 dəfə oxundu.