“Azərbaycanda ərəb dilinin tədrisi mövcud vəziyyət və perspektivlər”
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi “Azərbaycanda ərəb dilinin tədrisi mövcud vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada Aİİ-nin müəllimlərindən filologiya və fəlsəfə üzrə fəlsəfə doktorları - İlkin Əlimuradov, Elvüsal Məmmədov, Heybət Heybətov, Ənvər Mustafayev, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən ərəb dili mütəxəssisləri iştirak ediblər. Tədbirdə Azərbaycanın ali təhsil müəssisələrində ərəb dilinin tədrisi ilə bağlı mövcud vəziyyət və perspektivlər müzakirə olunub. Filoloqlar Azərbaycanda ərəb dili üzrə tədrisin təkmilləşdirilməsi, dərs vəsaiti problemi, ərəb dilinin öyrənilməsində tətbiq edilən vəsaitlərin dövrə uyğunlaşdırılması, müasir ərəb dilinin tədrisi metodları, gənclərin ərəb dilini öyrədilməsinə həvəsləndirilməsi ilə bağlı bir sıra təkliflər səsləndiriblər. Ərəb dilinin tədrisində dünyanın aparıcı ölkələrinin təcrübəsini öyrənməyin zəruri olduğunu söyləyən filoloqların fikrincə Aİİ-də ərəb dilinin mükəmməl səviyyədə tədrisi islam dininin dərindən öyrənilməsi, qədim əlyazmaların tədqiqi baxımından xüsusi önəm daşıyır.
Müzakirədə Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının böyük uzaqgörənliklə vaxtında verilmiş qərar olduğunu qeyd olunub.
Aİİ-nin ilk tədris ilinə islamşünaslıq və dinşünaslıq ixtisasları ilə başladığını bildirən institut müəllimləri qeyd ediblər ki ərəb ölkələri tarixinin, coğrafiyasının, mədəniyyətinin tədrisi ilə birgə ərəb dilinin mükəmməl şəkildə öyrədilməsi qarşıya qoyulan məqsədlərdən biridir. Bunun üçün tələbələrə tədris olunacaq fənlərlə bərabər, auditoriyada zamanın məhdudluğunu nəzərə alaraq ərəb dili üzrə bir sıra kursların təşkil ediləcəyi bildirilib. Bu sahədə, Aİİ ilə Misir universitetləri arasında təcrübə mübadiləsinin səmərəli nəticə verə biləcəyi vurğulanıb, əməkdaşlığın perspektivləri diqqətə çatdırılıb. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi öz növbəsində Aİİ-də ərəb dili kurslarının təşkilinə yaxından kömək edə biləcəyini, həmçinin institut tələbələri üçün mərkəzdə dil kurslarının keçirilməsinə şərait yaradılacağını vurğulayıb. Mərkəzin rəhbəri ərəb dilinin tədrisində institutu müvafiq ədəbiyyat ilə təmin etmək imkanlarını da nəzərə çatdırıb.

Tural



Xəbər 38 dəfə oxundu.