ATƏT Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoymalıdır
“Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək”

Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edib. Tomas Qremingerin səfəri zamanı müzakirə ediləsi məsələlərin gündəliyinin geniş olduğunu deyən dövlət başçısı bildirib ki, əsas məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu baxımdan, Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar, ən azı, təəccüb doğurur. Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının, guya, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək. Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib. Söhbət zamanı regional təhlükəsizlik, demokratik inkişaf, nəqliyyat, iqtisadi əməkdaşlıq ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanatlar ziddiyyətlidir. Fəaliyyətə başladığı vaxtdan etibarən münaqişə ilə bağlı verdiyi bəyanatlar indiyə qədər aparılmış danışıqların ruhuna uyğun gəlməməklə yanaşı, beynəlxalq hüquq normalarına da ziddir. Onun münaqişə ilə bağlı səsləndirdiyi ziddiyyətli fikirləri populist xarakterli kimi də dəyərləndirmək olar. Ona görə də Paşinyanın “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bütün dünya ictimaiyyətinə bəllidir ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilib və Dağlıq Qarabağdakı qondarma rejimin arxasında Ermənistan dayanır. Ərazilərimizin Ermənistan tərəfindən işğal edilməsi BMT qətnamələri ilə də təsdiqlənib. Buna görə də Paşinyanın bu kimi iddiaları, sadəcə, danışıqlar prosesini pozmaq məqsədi daşıyır. Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının, guya, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları Ermənistan rəhbərliyinin beynəlxalq qanunlara, beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT Minsk qrupunun həmsədrlərinə hörmətsizliyinin bariz nümunəsidir. Azərbaycan bu kimi iddiaları qətiyyətlə rədd edir. Ona görə də ATƏT Ermənistan rəhbərlərinin bu təhlükəli bəyanat və iddialarına münasibət bildirməlidir. Deməli, Ermənistan rəhbərliyi bundan sonrakı dövrdə də danışıqlar prosesini pozmağa davam edəcəksə, bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

Moskva fiaskosu: Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır
Paşinyanın son sərsəm bəyanatları Moskvada səsləndirməsini də diqqətə almaq lazımdır. Onun Moskva səfərinin uğursuz alınmasını elə Ermənistan mediasında yer alan məlumatlardan da təxmin etmək olar. Moskvada ona göstərilən soyuq münasibət, Rusiya rəhbərliyindən istədiyi dəstəyi ala bilməməsi Paşinyanı çıxılmaz vəziyyətə salıb. Ekspertlər hesab edir ki, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir. Paşinyanı belə bəyanatlar verməyə vadar edən başqa bir səbəb isə Azərbaycan dövlət başçısının uğurlu Moskva səfəri oldu. Dövlət başçısının apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu xeyli artıb. Həmin siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan dünyada nüfuzlu və müstəqil siyasət həyata keçirən dövlətlərdən biri kimi tanınır. Azərbaycan dövlət başçısının Soçi səfərində Rusiya ilə əməkdaşlığın da genişləndirilməsini nəzərdə tutan çox vacib sənədlər imzalandı. Azərbaycan dövlət başçısının bu uğuru müqabilində Paşinyanın Moskva fiaskosu onu sərəm bəyanatlar verməyə vadar edib. Paşinyan bu addımlarla həm də Azərbaycanın uğurlu xarici siyasətinin, xüsusilə Prezident İlham Əliyevin Soçi səfərində əldə olunmuş mühüm nəticələrin effektini azaltmağa çalışır. İnsan azadlıqlarının, hüququn aliliyinin, demokratik dəyərlərin təmin olunması, Ermənistanın iqtisadi inkişafına şərait yaradılacağı və digər bu kimi şüarlarla hakimiyyətə gələn Paşinyanın qısamüddətli rəhbərliyi dövründə ölkədə vəziyyət daha da gərginləşib, diplomatik məğlubiyyətlərin sayı isə durmadan artır. Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların təşkili, demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarının durmadan artması, siyasi rəqiblərinin qeyri-qanuni yollarla neytrallaşdırılması, faktiki olaraq diktatura üsul-idarəsinin tətbiq edilməsi, iqtisadi tənəzzülün dərinləşməsi, ölkədə vəziyyətin daha da pisləşməsi – Paşinyanın hakimiyyətdə olduğu qısa müddəti əyani şəkildə göstərən faktorlardır. Beləliklə, ATƏT bu kimi hallara biganə yanaşmamalıdır. Müvafiq təsir imkanlarından istifadə edilməklə Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoyulmalıdır.

“Ermənistan ATƏT üzvü kimi üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur”
Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşündə də müzakirə olunub. XİN-in mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycanın regional təşkilat olaraq ATƏT ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. ATƏT çərçivəsində təhlükəsizliyin bölünməzliyinin fundamental prinsip olduğunu qeyd edən Elmar Məmmədyarov bütün üzv dövlətlərin Helsinki Yekun Aktı üzrə öhdəliklərinə sadiq olmasının vacibliyini bildirib. Bu xüsusda, nazir E.Məmmədyarov Ermənistanın ATƏT üzv dövləti qismində Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarının işğalını davam etdirdiyini vurğulayıb. O, təsis olunmasından etibarən ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olduğunu deyərək işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün səylərinin artırılmasının vacibliyini bildirib. Elmar Məmmədyarov əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır. Nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, Helsinki Yekun Aktının təşkil etdiyini xatırladıb. Azərbaycanın münaqişənin həllində irəliləyişə nail olmaq, regionda davamlı və ədalətli sülhü təmin etmək üçün substantiv və intensiv danışıqlara hazır olduğunu diqqətə çatdırıb. Azərbaycanın regionda və bütövlükdə ATƏT məkanında iqtisadi əməkdaşlığın və uzlaşma xətlərinin yaradılması, multimodal nəqliyyat infrastrukturu imkanlarının təmin edilməsi istiqamətində gördüyü işlərdən bəhs edən nazir Elmar Məmmədyarov bu xüsusda Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat marşrutlarını və artıq istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttini qeyd edib. O əlavə edib ki, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən bu kimi layihələr ATƏT məkanında iqtisadi inkişafa və çiçəklənməyə töhfə verməklə bərabər, regional sülh və təhlükəsizliyin də möhkəmlənməsinə xidmət edir. Görüşdə ATƏT-in qeyd olunan nəqliyyat layihələrinin inkişafı baxımından mühüm platforma rolunu oynaya biləcəyi vurğulanıb. Söhbət zamanı əlaqələrin inkişafında parlament diplomatiyasının rolu qeyd edilib və bu xüsusda, ATƏT-in Parlament Assambleyası ilə əməkdaşlıq təqdir olunub. Həmçinin Azərbaycan və ATƏT arasında əməkdaşlıq proqramları nəzərdən keçirilib.
Anar Miriyev


Xəbər 150 dəfə oxundu.