Qaxın daha bir kəndi qazlaşdırılıb
Qaxın Meşəbaş kəndinə ilk dəfə təbii qaz verilib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq sentyabrın 19-da Qax rayonunun Meşəbaş kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Bildirilib ki, 90 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7 min 105 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.


Xəbər 147 dəfə oxundu.