Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də ətraflı bəhs etdi. Dövlətimizin başçısı dedi ki, bundan sonrakı dövrdə Ermənistanın yeni rəhbərliyi bu məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir.
Çünki bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir.
Analitik Ehtiram Aşırlı AZƏRTAC-a bildirib ki, dövlətimizin başçısının bu fikirləri Ermənistan hökumətinə xəbərdarlıq kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidentinin bu fikirləri ondan xəbər verir ki, əgər Ermənistan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasını istəyirsə o zaman ölkəmizə qarşı aqressiv davranışlarından çəkinməli və danışıqlar masası arxasına keçməlidir. Əks halda, Paşinyan hökumətinin də sonu Sarkisyan rejiminin sonundan heç nə ilə fərqlənməyəcək.
Analitikin sözlərinə görə, Ermənistan hökumətinin Azərbaycanın prinsipial mövqeyini anlamamasının və ya anlaya bilməməsinin səbəbi “Böyük Ermənistan” xülyası ilə yaşamasından irəli gəlir. Onlar hələ də bu boş və heç zaman reallaşmayacaq iddia ilə yaşayırlar. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan heç bir zaman imkan verməyəcək ki, bizim torpaqlarımızda ikinci bir Ermənistan dövləti qurulsun. Odur ki, Ermənistan hökuməti heç də boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir.

Xəbər 62 dəfə oxundu.