Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində “Azərbaycan Milli qəhrəmanlarının gənclər arasında təbliği və tanıdılması” adlı tədbir keçirilib. Mərasimdə Azərbaycan Müharibə Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (Gəncə filialı) üzvləri, Qarabağ müharıbəsinin, şanlı Aprel döyüşlərinin iştirakçıları, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, əsas məqsəd qəhrəmanlıq tarixinin təbliği, Milli qəhrəmanlarımızı və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş şəxsləri yeniyetmə və gənclər arasında tanıtmaqdır. Belə layihələrin həyata keçirilməsi, yeniyetmə və gənclərin bu cür tədbirlərdə yaxından iştirakı, onlara hərb tariximiz, döyüş ənənələrimiz haqqında ətraflı məlumat verilməsi gənc nəslin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.
“Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib. Ölkəmizin elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada şəhid məzarı olmasın. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ömür yolu gənclərimizə örnəkdir”, - deyə M.Cəfərov qeyd edib.
Qarabağ müharıbəsinin, Aprel döyüşlərinin iştirakçılarından Məmməd Rəhimov, Rəşad Piriyev və Ənvər Əhmədov döyüş xatirələrini bölüşüblər. Vurğulanıb ki, qəhrəman Azərbaycan xalqının bu gün Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gəncləri var.
Sonda tədbir iştirakçıları “Qarabağa gedən yol” adlı sənədli filmə baxıblar.

Xəbər 163 dəfə oxundu.