Ağcabədinin Qayğı qəsəbəsinə təbii qaz verilib
Ağcabədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı Qayğı qəsəbəsinə təbii qaz verilib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Elə bu məqsədlə dövlət qayğısı ilə əhatə olunan məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər uğurla davam etdirilir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.
Oktyabrın 22-də Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Qayğı qəsəbəsinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 54 fərdi evdən ibarət olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 746 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Xəbər 227 dəfə oxundu.