Vergi qanunvericiliyinin pozulması faktları aşkarlanıb
Bu ilin yanvar-iyun ayları ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 27 607 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin məlumatında deyilir ki, 14 054 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 3 438 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 1 553 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 4 156 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. Operativ nəzarət tədbirləri zamanı 2 863 vergi ödəyicisi tərəfindən 4 720 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 1 070 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 476 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 13 859 ədəd mal olduğu aşkarlanıb. Aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülüb.

Xəbər 384 dəfə oxundu.